Belə ki,
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə həmin dəyişikliklər qüvvəyə minmişdir.
Əmək məcəlləsinə edilmiş əsas dəyişikliklər barədə aşağıda qeydləri görə bilərsiniz:
- Əmək müqavilələrinin elektron qaydada bağlanması
Yeni dəyişikliyə əsasən əmək müqavilələri bir qisim şəxslər istisna olmaqla (Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında) elektron qaydada bağlanır.
Belə ki, dəyişiklikdən sonra artıq əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda əmək münasibətləri yaranır. Əvvəl isə əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat verilməsindən sonra yaranırdı.
- Əmək müqaviləsinin formasında dəyişiklik
Bildiyiniz kimi, əmək müqaviləsi yazılı formada bağlanılır. Yenilik isə odur ki, artıq əmək müqavilələri bir qisim şəxslərlə (Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında) kağız dayışıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanacaq.
- Əmək müqaviləsi bağlanılarkən əmək kitabçasının istənilməsi tələbinin aradan qaldırılması
Artıq əmək müqaviləsi bağlanılarkən işçi əmək kitabçası təqdim etməli deyil. Onun şəxsiyyət vəsiqəsini təqdim etməsi kifayətdir. Belə ki, əgər işçinin hər hansı bir əmək müqaviləsinə 2014-cü ilin 1 iyul tarixinədək xitam verilmişdirsə, yalnız həmin işçilərdən stajının müəyyən edilməsi üçün əmək kitabçası istənilə bilər.
- Əlavə sənədlər istənilməsinin qadağan edilməsi
Bildiyiniz kimi, əmək münasibətlərinə girən işçidən Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır. Bu qadağa ilə bağlı yeni redakte var:
Əmək münasibətlərinə girən işçidən aidiyyatı dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən sənədlərin tələb edilməsi qadağandır. Yəni əgər işəgötürən özü lazımi sənədləri aidiyyatı dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edə bilirsə, artıq həmin sənədlərin işçilərdən tələb edilməsi qadağan edilir.
- Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasında dəyişiklik
Bildiyiniz kimi, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əmək qanunvericiliyinə belə bir əlavə edilmişdir ki:
müddətli əmək müqaviləsinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsində göstərilən müddətə uzadılır. Yəni əvvəl müddətli əmək müqaviləsinə xitam verilməsi üçün əmək müqaviləsinin müddətinin bitməsi kifayət edirdisə, indi bunun üçün tərəflərin ən azı bir həftə öncə bir-birilərini xəbərdar etməsi gərəkli olacaq.
- Əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir.
Bu
Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli 1195-VIQD nömrəli Qanununun keçid müddəaları ilə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir. Əgər işçinin hər hansısa əmək müqaviləsinə 2014-cü ilin 1 iyulunadək xitam verilməmişdirsə, əmək stajının müəyyən edilməsi üçün həmin işçilərdən əmək kitabçası istənilmir və, ümumiyyətlə, əmək kitabçasının olması zərurəti aradan qalxır.